Avqustun 28-də Qazaxıstanın Almatı hava limanında "FlyArystan" şirkətinə məxsus təyyarədə yanğın baş verib. Hadisə zamanı "Air Astana" qrupunun bir əməkdaşı xəsarət alıb.
Qaziler.az xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" agentliyinə "Air Astana" aviaşirkətinin mətbuat xidmətindən məlumat verilib.
"FlyArystan" hava gəmisində planlı texniki işlərin gedişatında istehsalat insidenti qeydə alınıb. İşlərin icrası zamanı lokal yanğın baş verib və hadisə hava limanının fövqəladə hallar xidmətləri tərəfindən operativ şəkildə söndürülüb. "Air Astana" qrupunun bir əməkdaşı xəsarət alıb", — mətbuat xidmətindən bildiriblər.
Zərərçəkənə ilkin tibbi yardım göstərilib, bundan sonra "Air Astana" işçisi xəstəxanadan evə buraxılıb.
"Air Astana"nın məlumatına görə, hadisə baş verən anda hava gəmisinin göyərtəsində sərnişinlər və heyət üzvləri olmayıb. Hazırda təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb, zədələnmə dərəcəsinin qiymətləndirilməsi və təmir işləri aparılır.
QAZİLER.AZ

