Atasının cəsədini pensiya maaşı almaq üçün dondurucuda saxlayan şəxs tutuldu

Atasının cəsədini pensiya maaşı almaq üçün dondurucuda saxlayan şəxs tutuldu backend

Yunanıstan polisi pensiya maaşını almağa davam etmək məqsədilə atasının cəsədini illərlə bir otelin zirzəmisindəki dondurucuda saxladığı müəyyən edilən şübhəlini saxlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Yunanıstanda 90 yaşlı təqaüdçü müəllimin təbii səbəblərdən öldüyü, hadisə ilə bağlı qətl şübhəsinin olmadığı açıqlanıb.

Polis 55 yaşlı oğlu barəsində "dələduzluq", "yalan məlumat vermə" və evində pnevmatik silah aşkar edildiyi üçün "silah haqqında qanunun tələblərini pozma" maddələri ilə cinayət işi başladıb.
Bildirilib ki, Mora yarımadasında, Sparta şəhəri yaxınlığındakı Mistras kəndinin sakinləri uzun müddət xəbər ala bilmədikləri yaşlı kişi ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.
Məlumat əsasında araşdırmaya başlayan polis ailəyə məxsus, istifadəsiz vəziyyətdə olan otelin zirzəmisindəki dondurucuda yaşlı kişinin meyitini aşkarlayıb.
Saxlanılan şübhəli atasının təxminən iki il yarım əvvəl öldüyünü və meyiti dondurucuya qoyduğunu etiraf edib. Kənd sakinləri isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini bildiriblər.
Yaşlı kişinin dəqiq ölüm səbəbi aparılacaq məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

QAZİLER.AZ