Böyük Britaniyanın "Heyvanlarla Etik Rəftar Naminə İnsanlar" (PETA) təşkilatı biql, buldoq, taksa və çixuaxua da daxil olmaqla 67 it cinsinin yetişdirilməsinə məhdudiyyətlərin tətbiq edilməsini təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.
Müzakirələrə səbəb müəyyən xarici əlamətlərə görə aparılan seleksiya ilə bağlı yaranan sağlamlıq problemləri olub. Xüsusilə, heyvanları müdafiə təşkilatları mops və fransız buldoqları kimi qısa burunlu itlərdə xəstəliklərin geniş yayıldığına diqqət çəkiblər. Belə heyvanlarda tez-tez tənəffüs problemləri yaranır və fiziki aktivlik çətinləşir.
Mütəxəssislər digər cinslərdəki xəstəliklərə də diqqət yetiriblər. Kavaler-kinq-çarlz-spaniyellərində beyin ölçüsünün kəllə sümüyünün həcminə uyğun gəlmədiyi bir sindrom rast gəlinib ki, bu da xroniki ağrılara səbəb ola bilər. Taksalar uzun belləri və qısa ayaqları səbəbindən fəqərəarası disklərin zədələnməsi riski ilə üzləşirlər, bu isə ağır hallarda iflicə gətirib çıxara bilər. Bənzər oynaq problemlərinə velş-korqi cinsində də rast gəlinir.
Nəşrin məlumatına görə, müzakirə olunan tədbirlər konkret cinslərə sahib olmağı qadağan etməyə deyil, itlərin daha sağlam və dözümlü olması məqsədilə onların yetişdirilməsi yanaşmalarını dəyişdirməyə yönəlib. Britaniya parlamentinin bir qrup deputatı da təsdiqləyib ki, hakimiyyətin rəsmi planlarında yetişdirilməyə tam qadağa qoyulması nəzərdə tutulmur.
Hazırda Böyük Britaniyada pitbulteryerlər, yapon tosa-inu və bəzi digər cinslər daxil olmaqla beş növ itin saxlanılması üçün qadağa qüvvədədir. Qadağan olunmuş heyvanlar, hətta təcavüzkarlıq nümayiş etdirməsələr belə, sadəcə qadağan olunmuş cinsə xarici bənzərliyi əsasında müsadirə edilə bilər.
QAZİLER.AZ

