Putinin Türkiyədəki Kadırovu

Putinin Türkiyədəki Kadırovu backend

Kobani ilə bağlı təhrikləri nəticəsində 50-dən çox vətəndaşın ölümünə səbəb olan HDP lideri Səlahəddin Dəmirdaş Türkiyənin Rusiya ilə münasibətlərinin gərgin olduğu bir vaxtda Moskvaya səfər edib. "Putinin Türkiyədəki Kadırovu” adlandırılan Dəmirdaş Suriya PKK-sı üçün Lavrovdan dəstək istəyib.

Axar.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla bir araya gələn kürd lider bölgədəki vəziyyəti müzakirə edib. Rusiyadan PYD-nin Fərat çayının qərbinə keçməsini israrla tələb edən Dəmirdaş Türkiyə iqtidarını tənqid etməkdən çəkinməyib.

“Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumata görə, Dəmirdaş-Lavrov görüşünün keçirilməsi üçün ilk cəhd oktyabr ayında olub. Həmin vaxtlarda HDP lideri PYD-nin Rusiyada nümayəndəlik açmaq istədiyini Moskvaya bildirib. Lakin həmin dönəmlərdə Türkiyə ilə Rusiya arasında münasibətlər yaxşı olduğundan bu tələb rədd edilib.

Su-24 hadisəsindən sonra fürsəti əldən verməyən Dəmirdaş ikinci dəfə Kremlə müraciət edib. Bölgədə kürdlərə böyük dəstək verən Rusiya isə bu təklifi dəyərləndirib.

HDP liderinin Moskva ziyarəti bu ölkədə böyük maraqla qarşılanıb. Dəmirdaş-Lavrov görüşü yerli telekanallarda canlı yayımla verilib. Dəmirdaş görüşdən sonra “Türkiyə Rusiya döyüş təyyarəsini vurmaqda haqsızdır” deməklə bu millətə aid olmadığını bir daha təsdiq edib.

Bir neçə həftə öncə ABŞ-a səfər edən Dəmirdaşın dərhal Rusiyada Lavrov ilə görüşməsi PYD-nin Türkiyənin cənubunda möhkəmlənmək istəyi ilə izah olunur.

PYD ilə Rusiya arasında başlanan yaxınlaşma Suriyada aparılan əməliyyatlarda da özünü göstərir. Bölgədə Moskvanın bir nömrəli müttəfiqinə çevrilən kürd qüvvələr ərazidə möhkəmlənməklə bərabər İŞİD hədəfindən də yayınmış olur.

Strateji Cerablus vilayətinin şərqinin ABŞ, qərbinin isə Rusiya nəzarətində olduğu irəli sürülür. Ətraf ərazilərdə isə Əsəd və PYD qüvvələri var. Burada ABŞ və Rusiyanın müstəqil və dənizə çıxışı olan Kürdüstan dövləti yaratmaq istədiyi bildirilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Antalyada keçirilən G-20 zirvəsi zamanı “Amerikalılar həmin ərazini kürdlərə verməyi planlaşdırır” deyərək, məsələyə aydınlıq gətirmişdi.