Sakit okeanın qərb hissəsində eyniadlı mərcan adasında yerləşən kiçik Nauru dövləti rəsmi adını Naoero olaraq dəyişdirib.
Qaziler.az xəbər verir ki, bu barədə ölkə hökumətinin bəyanatına istinadən Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Hökumətin bəyanatında deyilir: "Bundan sonra əvvəllər Nauru kimi tanınan dövlətimizin rəsmi adı Naoero Respublikasıdır. Ölkə sakinləri isə dei-Naoero adlandırılacaqlar".
Cari ilin may ayında ölkə parlamenti prezident Devid Adeanq tərəfindən yanvar ayında irəli sürülən adın dəyişdirilməsi haqqında konstitusiya düzəlişini təsdiqləyib.
Prezident Devid Adeanq sosial şəbəkədə etdiyi açıqlamada bildirib ki, referendumun keçirilməməsi barədə qərar Naoero adının əslində yeni bir ad olmaması, xalqın tarixi köklərinə söykənməsi ilə bağlı aparılan ciddi müzakirələrdən sonra qəbul edilib. Hakimiyyət orqanlarının sözlərinə görə, adın dəyişdirilməsi xalqın irsini, dilini və unikallığını daha yaxşı əks etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Naoero 21,3 kvadratkilometr sahəsi və təxminən 11 min nəfər əhalisi olan kiçik bir dövlətdir. Naoero Yer kürəsində ən kiçik müstəqil respublika, həmçinin ən kiçik ada dövlətidir.

