ABŞ ordusunda qadağa: Əsgərlər telefonlarını təhvil verəcək

ABŞ ordusunda qadağa: Əsgərlər telefonlarını təhvil verəcək backend

Yaxın Şərqdəki bəzi amerikalı hərbçilərə mobil telefonlarını təhvil vermək əmri verilə bilər. Buna səbəb, telefonla çəkilən videoların sosial şəbəkələrdə paylaşılmasının İrana ABŞ obyektlərinə daha effektiv zərbələr endirməyə kömək edə biləcəyi ilə bağlı narahatlıqlardır.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper hərbçilərə ünvanladığı məktubda bu növ məlumatların paylaşılmasının risklərindən bəhs edib. Mətndə qeyd olunub ki, İran sosial şəbəkələrdəki video və şəkillərdən öz hücumlarının effektivliyini real vaxt rejimində qiymətləndirmək üçün istifadə edə bilər. Kuperin sözlərinə görə, bu cür məlumatların dərci Fars körfəzi ölkələrindəki amerikalı hərbçilərin və mülki şəxslərin həyatı bahasına başa gələ bilər. Kuper hərbçiləri əməliyyatların təhlükəsizliyinə daha çox diqqət yetirməyə çağırsa da, konkret tədbirlər qeyd etməyib.

"Reuters"in mənbələri bildiriblər ki, İordaniyadakı bəzi ABŞ hərbçilərinə yaxın günlərdə telefonlarını təhvil vermək əmri verilib. Agentliyin həmsöhbətlərindən biri bu tədbirin regionun digər ölkələrində də tətbiq oluna biləcəyini söyləyib.

Agentliyin bildirdiyinə görə, bu ayın əvvəlində internetə amerikalı əsgərlərin İranın İordaniyadakı aviabazaya endirdiyi zərbədən sonra sığınacağa qaçmasını əks etdirən video sızıb. Video hərbçilərdən biri tərəfindən "Meta" şirkətinin smart eynəkləri vasitəsilə çəkilib.

QAZİLER.AZ