Yaponiyanın cənub-qərbində baş verən zəlzələdən sonra mütəxəssislər 100-dən çox afterşok (yeraltı təkan) qeydə alıblar.
Qaziler.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyi (JMA) sakinləri yaxın bir həftə ərzində, xüsusən də növbəti iki-üç gündə yeni güclü yeraltı təkanların ehtimalı barədə xəbərdar edib.
Zəlzələ iyulun 28-də Kyuşu regionunda baş verib. JMA onun maqnitudasını 7,1 bal qiymətləndirib. ABŞ Geoloji Xidməti isə daha sonra maqnitudanın 6,8 olduğunu bildirib. Episentrin təxminən 10 km dərinlikdə, Kumamoto şəhərindən təxminən 20 km cənubda yerləşdiyi qeyd olunub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində azı 13 nəfər həyatını itirib. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.
Yollar və körpülər zədələnib, bir neçə binada yanğın baş verib. Həmçinin qatarların hərəkəti dayandırılıb, minlərlə ev elektriksiz qalıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi xilasetmə əməliyyatını "zamana qarşı əsl yarış" adlandırıb. Onun sözlərinə görə, zəlzələdən 20 saatdan çox vaxt keçməsinə baxmayaraq, hələ də köməyə ehtiyacı olan insanlar var. İşlərə 4,6 mindən çox insan cəlb edilib.
QAZİLER.AZ

