ABŞ Prezidenti Donald Tramp yenidən Natanz yaxınlığında, Kolang dağı altında gizlədildiyi iddia olunan yeni İran nüvə obyektini məhv etməklə hədələyib.
"Mən Kirk yaxınlığında baş verənləri dəqiq bilirəm. Bu, elə də böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik. Əgər razılıq əldə olunmasa, Kirki də məhv etməli olacağıq. Razılıq əldə olunmasa, bunu çox asanlıqla edəcəyik", – deyə Ağ Evin rəhbəri “Fox News” telekanalının canlı efirində bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.(trend.az)

