Çad Afrika qitəsinə qarşı qərəzli yanaşmada ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxdığını elan edib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"27 iyul 2026-cı il tarixində Çad Respublikası hökuməti Roma Statutunun depozitarisi olan BMT-nin Baş katibinə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan çıxmaq barədə suveren qərarı ilə bağlı bildiriş göndərib", - məlumatda qeyd olunur.
Bildirilib ki, bu qərar BCM-nin fəaliyyətinin təhlili nəticəsində qəbul edilib. Çad tərəfi məhkəmənin fəaliyyətini səmərəsiz və Afrikaya qarşı qərəzli hesab edir. Respublikanın XİN-i xüsusilə vurğulayıb ki, BCM-nin araşdırmalarının böyük əksəriyyəti məhz Afrika ölkələrinə aiddir və bu, qurumun fəaliyyətinin siyasiləşdirilməsinin göstəricisidir.
BCM ağır cinayətlərə dair işlərə baxan beynəlxalq cinayət ədliyyəsi orqanıdır. Qurum cinayətlərdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi və zərərçəkənlər üçün ədalətin təmin olunması üzrə ixtisaslaşıb.
QAZİLER.AZ

