Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio Manilada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammiti çərçivəsində bir araya gəliblər.
Qaziler.az xəbər verir ki, bu barədə "kp.ru" məlumat yayıb.
Lavrov-Rubio danışıqları 35 dəqiqə davam edib
Rusiya mətbuatı diplomatik mənbələrə istinadən yazıb ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və ABŞ nümayəndə heyətinə Hindistandakı səfir Serjio Qor və Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker də daxil olub.
Rubio görüşdən əvvəl ABŞ-li jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Mətbuat nümayəndələri çəkiliş üçün zala daxil olanda diplomatlar artıq masa arxasında olublar. Müxbirlərə yalnız görüşün ilk anlarını lentə almağa icazə verilib. Buna baxmayaraq, jurnalistlərdən biri İranın Rusiyaya ehtimal olunan yardımı barədə sual səsləndirib. Lakin ABŞ dövlət katibi bu suala heç bir reaksiya verməyib.
Daha sonra məlum olub ki, ABŞ-nin müəyyən etdiyi reqlamentə əsasən, tədbir zamanı sualların verilməsi nəzərdə tutulmayıb.
Diplomatik mənbələrin verdiyi məlumata görə, sözügedən görüşün təşəbbüskarı Vaşinqton olub.

