"easyJet" aviaşirkətinə məxsus Tenerifedən Liverpula uçan təyyarə göyərtədəki bir qrup sərnişin arasında baş verən insident səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb.
Qaziler.az bildirir ki, bu barədə "Zakon.kz" saytının məlumatında deyilir.
"Sur in English" nəşri İspaniya hava hərəkəti dispetçerlərinə istinadən yazır ki, havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra təxminən on sərnişin arasında kütləvi dava düşüb. Hava gəmisinin kapitanı münaqişənin uçuş təhlükəsizliyinə təhdid yaratdığını əsas gətirərək təyyarəni geri döndərmək qərarına gəlib. Enişdən sonra layneri polis əməkdaşları qarşılayıb. "easyJet" aviaşirkəti bir qrup sərnişinin nalayiq davranışı ucbatından reysin hava limanına geri qayıtdığını təsdiqləyib. Aviaşirkətdən vurğulanıb ki, müştərilərin və heyətin təhlükəsizliyi əsas prioritetdir və bu cür insidentlərə yol verilmir.
Polisin müdaxiləsindən sonra təyyarə Liverpula uçuşunu davam etdirib.
Münaqişə iştirakçılarının saxlanılıb-saxlanılmadığı və onların Böyük Britaniya vətəndaşı olub-olmadıqları hələlik məlum deyil.
Bununla belə, sosial şəbəkə istifadəçilərindən biri qızının da həmin təyyarədə olduğunu bildirərək, heç bir davanın baş vermədiyini iddia edir. Onun sözlərinə görə, reysdən sadəcə uşaqlı bir ailə düşürülüb.
Rəsmi olaraq bu məlumat hələ təsdiqlənməyib.
QAZİLER.AZ

