Ukrayna Təhlükəsizlik Xidməti Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) koordinasiya mərkəzinin vurulduğunu bəyan edib.
Qaziler.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, əməliyyatı "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçüləri həyata keçiriblər. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, zərbə FTX-nin koordinasiya mərkəzinə, eləcə də onun əməkdaşlarının Ukraynanın Xerson vilayətinin işğal olunmuş hissəsindəki pansionatlardan birində yerləşən dislokasiya yerinə endirilib.
Ukrayna Təhlükəsizlik Xidməti ehtimal edir ki, zərbə anında obyektdə 100-ə yaxın Rusiya hərbçisi olub.
Qurumun məlumatına görə, obyektin ərazisində həmçinin 70-dən çox avtomobil olub, silahlı mühafizə fəaliyyət göstərib, nəzarət-buraxılış məntəqələri, mühəndis maneələri və yeraltı sığınacaqlar təchiz edilib.
Təhlükəsizlik Xidmətindən bildirilib ki, FTX əməkdaşlarının dislokasiya yerinə 13 pilotsuz uçuş aparatı ilə zərbələr endirilib, bundan sonra obyektdə genişmiqyaslı yanğın baş verib.

