CENTCOM: İranın zərbələri nəticəsində İordaniya və İraqda ABŞ hərbçiləri həlak olub

CENTCOM: İranın zərbələri nəticəsində İordaniya və İraqda ABŞ hərbçiləri həlak olub backend

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus hücumlar nəticəsində İordaniya və İraqda ABŞ hərbçilərinin həlak olması ilə bağlı yeni məlumat yayıb.

 

APA xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb.

 

Bildirilib ki, iyulun 17-də İordaniyada İranın hücumundan sonra itkin düşən bir ABŞ hərbçisinin axtarışları zamanı hadisə yerində kimliyi hələ müəyyənləşdirilməmiş insan qalıqları aşkarlanıb. Hazırda qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir.

 

CENTCOM əlavə edib ki, iyulun 18-də isə İraqın şimalında ABŞ hərbçisi İran istehsalı olan kamikadze pilotsuz uçuş aparatının partlamamış sursatının nəzarətli zərərsizləşdirilməsi zamanı həlak olub. Hadisə nəticəsində daha bir hərbçi yüngül xəsarət alıb və müalicəsi davam etdirilir.

 

Komandanlıq ailələrin məlumatlandırılması prosesi başa çatana qədər həlak olan və itkin düşən hərbçilərin şəxsiyyətləri barədə əlavə məlumat verməyəcəyini bildirib.

 

Qeyd edək ki, ötən gün ABŞ Mərkəzi Komandanlığı İranın ballistik raket və dron hücumlarından müdafiə olunarkən İordaniyada iki ABŞ hərbçisinin həlak olması ilə bağlı məlumat yaymışdı.