ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama Martas-Vinyard adasında keçirilən ziyafətin ulduzuna çevrilib. Onun coşqulu rəqsi videolentə alınıb.
Qaziler.az xəbər verir ki, “Instagram”da paylaşılan görüntülərdə 61 yaşlı Obamanın əvvəlcə pərəstişkarlarından birini səmimi şəkildə qucaqladığı, daha sonra zalın mərkəzinə keçərək qonaqların alqışları sədaları altında rəqs etdiyi əks olunub. Keçmiş birinci xanım təbəssümlə öz rəqs hərəkətlərini nümayiş etdirərkən, salondakılar onu heyranlıqla dəstəkləyiblər.
Mişel Obama nüfuzlu Ouk-Blaffs rayonundakı “Norman's” restoranında təşkil olunan tədbirə qatılıb. Gecə tədbiri ictimai liderləri dəstəkləyən, mədəni irsi qoruyan və gənc nəslin inkişafına investisiya yatıran “The Vineyard Icon Foundation” xeyriyyə fondu tərəfindən təşkil edilib.
Pərəstişkarları Mişelin yanında həyat yoldaşı, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın olmadığını qeyd ediblər. Lakin ərinin yoxluğu onun gecənin əsas bəzəyinə çevrilməsinə və qonaqlara yüksək əhval-ruhiyyə bəxş etməsinə mane olmayıb.
QAZİLER.AZ

