ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. APA TV-nin “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib. Sanksiyalar Rusiyanın “VTB” və “Sberbank” banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Bundan başqa, yeni siyahıya “VTB” və “Sberbank” banklarının qeyri-hökumət pensiya fondları və “VTB 24” bankı, “Qals Development” şirkəti, “Novikombank” bankı, “Aviapriborostroenie” konserni, “Sovremennıye texnologii”, “Oboronprom”, “Rosoboroneksport” və digər iri korporasiyalar daxil edilib.
“Massandra” şərab zavodu və Yalta kinostudiyasına da sanksiyalar tətbiq edilib.
Məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar cavabsız qalmayacaq. O vurğulayıb ki, bu, ABŞ administrasiyası tərəfindən dalana salınan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti nöqteyi-nəzərdən ayağa güllə atmaqdır.