Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Malinin paytaxtında “Radisson Blu” otelinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüş “Əl Murabitun” terror qruplaşmasının 10 silahlısını zərərsizləşdirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Fransa Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş Menaka şəhərində dekabrın 19-dan 20-nə keçən gecə baş verib.Döyüş 4 saatadək davam edib, terrorçulara məxsus iki pikap tipli avtomobil, 10 motosiklet, çoxlu sayda silah-sursat götürülüb. Zərərsizləşdirilmiş terrorçuların öldürüldüyü və ya sağ ələ keçirildiyi barədə dəqiq məlumat verilmir.
Bundan əvvəl “Əl Qaidə” terror təşkilatı otelə hücumda bir neçə qruplaşmanın iştirak etdiyini bildirib.
Xatırladaq ki, Mali paytaxtında otelə hücum noyabrın 20-də törədilib. Terrorçular 170 nəfəri girov götürüb, 6 rusiyalı vətəndaşı qətlə yetiriblər.