Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Krasnodar diyarında yerləşən və Türkiyəyə qaz nəql edən "Mavi axın" qaz kəmərinin kompressor stansiyasına hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin mətbuat xidməti "Maks" messencerində məlumat yayıb.
Hücumun bir gün əvvəl, iyulun 7-si axşam saat 19:51-də baş verdiyi qeyd olunur.
Məlumatda qeyd olunub ki, Rusiya qazının “Mavi axın” qaz kəməri vasitəsilə tədarükü zəncirində yer alan “Krasnodarskaya” kompressor stansiyası pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Vurğulanıb ki, Ukrayna ordusunun bu hücumu Rusiya qazının Türkiyəyə fasiləsiz tədarükünü pozmağa yönəlib.
Şirkətdən əlavə ediblər ki, hazırda mütəxəssislər dəymiş ziyanı aradan qaldırırlar. Operativ şəkildə görülən tədbirlər sayəsində Türkiyəyə qaz nəqlində fasilələrin yaranmasının qarşısı alınıb.
"Mavi axın" - Rusiya təbii qazının Qara dənizin dibi ilə Türkiyəyə nəql edildiyi magistral qaz kəməridir. Onun tikintisinə 2001-ci ildə başlanılıb, qaz tədarükünə 2003-cü ildə start verilib, rəsmi açılışı isə 2005-ci ildə baş tutub. Qaz kəmərinin layihə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. "Mavi axın" Rusiya qazının tranzit dövlətlərdən yan keçərək Türkiyəyə birbaşa çatdırıldığı ilk marşrut olub.
QAZİLER.AZ



