Tatarıstanın dövlət başçısı: “Türklər bizim qardaşımızdır”

Tatarıstanın dövlət başçısı: “Türklər bizim qardaşımızdır” backend

Tatarıstan prezidenti Rüstəm Minnixanov tatarlarla möhkəm bağlılığı olan Türkiyə ilə əlaqədar mövqeyini ifadə edib. APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, o, rəhbərlik etdiyi dövlətdə türklərin biznes-layihələrinin dayandırılmayacağını açıqlayıb: "Onlar bizim respublikaya inanaraq, işçi sayının 98 faizdən çoxunu rusların təşkil etdiyi zavodların inşasına ümumilikdə 1,5 milyard dollar sərmayə yatırıb. Bu müəssisələrin çoxu Rusiyanın rezidentləridir və bu məsələdə geriyə addım atıla bilməz. Bizim prezidentin də dediyi kimi, Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları mövcuddur və bütün bu məsələlər iki ölkə arasında siyasi müstəvidə həll olunur. Türk xalqına gəlincə, biz Rusiya qanunvericiliyi çərçivəsində hərəkət edirik. Mən düşünürəm ki, mövcud konfliktin siyasi yolla həlli baş verəcək. Mövcud layihələrə gəlincə, biz onları birgə səylərimizlə qoruyub-saxlamalıyıq".


Rüstəm Minnixanov həmçinin Türkiyə xalqının da həm Rusiyaya, həm də tatarlara dost münasibət bəslədiyini bildirib. O, eyni zamanda türklərin də tatar xalqı üçün qardaş xalq olduğunu da sözlərinə əlavə edib. Tatarıstanda Türklərə məxsus müəssisələrin çoxu "Alabuqa" Xüsusi İqtisadi Zonasının ərazisində yerləşir. Sözü gedən müəssisələrə "Çoşkunöz-Alabuqa" avtomobillərin irihəcmli detallarının ştamplanma zavodu, "Trakya Qlass Rus" şüşə və güzgü istehsalı və emalı müəssisəsi, mebellər üçün ağac panellərin istehsalı ilə məşğul olan "Kastamonu İnteqreyted Vud İndastri" zavodu, "Dizayn Rus" plastik boru istehsalat birliyi və sanitar-gigiyenik kağızların istehsalını həyata keçirən "Hayat Kimya" müəssisəsidir.

Diaspora