Tiflisin enerji bazarı: SOCAR-ın rəqibləri güclənir

Tiflisin enerji bazarı: SOCAR-ın rəqibləri güclənir backend

Rusiyanın “Qazprom” və “Rosneft” şirkətləri Gürcüstanın energetika bazarını ekspansiya etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu “Qruziya onlayn” saytı özünün Rusiyadakı etibarlı mənbəsinə istinadən yayıb. Sayt Gürcüstanın Energetika naziri Kaxa Kaladze və “Qazprom” rəhbəri Aleksey Miller arasında danışıqların Gürcüstanın neft və qaz dövlət konsorsiumunun 25%-nin qapalı tender yolu ilə ələ keçirilməsi barədə getdiyini bildirib. Mənbə həmçinin qazax və azərbaycanlı investorların Gürcüstan enerji bazarından təmizlənməsi mexanizminin işə salındığını deyib:


“Artıq Gürcüstanı Qazaxıstana məxsus “Kaztransqaz” və “Kaztransoyl” şirkətləri tərk edirlər. Gürcüstan energetika bazarı uğrunda döyüşlər hələ qabaqdadır. Ona görə də “Qazprom” çalışır ki, özünün bu istiqamətdə bütün uğurlarını zəmanət altına alıb, monopolist olsun. Qazax investorların buradan gedişi üçün şəraitin yaradılması düşünülən planın bir hissəsidir. Kaladzenin “Qazprom”la danışıqların yalnız Ermənistana kommersiya qazının satışı üçün aparıldığını deməsi, əslində, danışıqların bütün mahiyyətinin gizlədilməsinə xidmət edir. Gürcüstan, ümumiyyətlə, bu məsələdə nominal rol oynayır. Burada həcm və qiymətlərlə bağlı əsas danışıqlar Ermənistan və “Qazprom” arasında aparılır, Gürcüstan isə sadəcə qazın öz ərazisindən keçməsinə izn verir və bunun əvəzində pulsuz qaz əldə edir. Lakin bu məsələ ilə bağlı da yenilik var. Belə ki, bundan sonra “Qazprom” Gürcüstana verdiyi qazı pulla əvəz edəcək. Burada isə qapalı sxemlərlə axması nəzərdə tutulan, elə də kiçik olmayan qarşılıqlı maliyyə maraqları var”.

Qeyd edək ki, “Qazprom” 2014-cü ildə Gürcüstana 0,3 milyard kub metr kommersiya xarakterli qaz ötürüb. Rəsmi Tiflis, ümumiyyətlə, Rusiyadan qaz alışını artırmaq istədiyini bəyan edib. Artıq tərəflər arasında Milan və Luksemburqda danışıqlar keçirilib. Rusiya ilə bərabər, Tiflis enerji mənbələrinin diversifikasiyası üçün İranla da danışıqlara başlamağı nəzərdə tutur. Gürcüstan müxalifəti isə hazırkı hakimiyyətin Rusiya ilə bağlı siyasətinə kəskin etiraz edir. Müxalifət “Gürcü arzusu” koalisiyasını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ekspertlər isə müqavilənin imzalanacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda təsirini artıracağını və Ermənistanın enerji ilə təchizatının daha da asanlaşacağını söyləyirlər.

Hazırda Gürcüstanın qaza olan tələbatının böyük hissəsini SOCAR ödəyir. Energetika naziri Kaxa Kaladze bir müddət öncə Gürcüstanın qaza olan tələbatının hamısını Azərbaycanın ödəmək iqtidarında olmadığını söyləsə də, SOCAR bunu təkzib edib.

Qazaxıstana məxsus “Kaztransoyl” şirkəti bir müddət öncə “Batumi-Terminal Limited” şirkətinin satışı haqqında qərar verib. Bu şirkət 2008-ci ildən Qazaxıstana tabe olub.
Diaspora