Türkiyədəki NATO sammiti milyonlarla dollar qazandıracaq

Türkiyədəki NATO sammiti milyonlarla dollar qazandıracaq backend

Türkiyə hakimiyyəti iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinin paytaxt iqtisadiyyatına 8-10 milyard türk lirəsi (təxminən 174–217 milyon dollar) cəlb edəcəyini ehtimal edir.

Qaziler.az xəbər verir ki, bu barədə hökumətyönlü "Sabah" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Türkiyənin paytaxtına sammitin təxminən səkkiz min iştirakçısının və qonağının gəlməsi gözlənilir. Hazırda Ankaranın beşulduzlu otelləri artıq tamamilə bron edilib, dördulduzlu otellərin isə nömrə fondu demək olar ki, tükənib.

Nəşr Anadolu Turizm Operatorları Assosiasiyasının sədri Birol Akmanın bu sözlərini sitat gətirib: "Beşulduzlu otellərin doluluq səviyyəsi 100%-ə çatıb, sammitin Ankara iqtisadiyyatına töhfəsinin isə 8-10 milyard lirə səviyyəsində olacağı gözlənilir".

Bununla yanaşı, sammit müddətində otellərdə qalma qiymətləri adi dövrlə müqayisədə təxminən dörd dəfə artıb.

Qeyd edək ki, Türkiyədə baş tutacaq NATO sammiti iyulun 7-dən 8-dək keçiriləcək. Bu oxşar tədbir Türkiyədə ikinci dəfə təşkil edilir. Respublika Şimali Atlantika Alyansının sammitinə ilk dəfə 2004-cü ildə ev sahibliyi edib və həmin vaxt tədbir İstanbulda baş tutub.

QAZİLER.AZ