Terror təşkilatı 2015-ci ildə ələ keçirdiyi torpaqların 14 faizinindən geri çəkilib İngiltərədə fəaliyyət göstərən strateji düşüncə mərkəzlərindən olan “IHS Janes” təşkilatı İŞİD terror təşkilatının 2015-ci il ərzində ələ keçirdiyi torpaqların 14 faizini itirdiyini açıqlayıb.
Lent.az BBC-yə istinadən xəbər verir ki, koalisiya qüvvələri və bölgədəki kürd silahlılarının ciddi təzyiqi ilə üzləşən İŞİD Suriya və İraqın şimalındakı bir sıra istinad məntəqələrini itirib. Terror təşkilatı bu il ərzində Suriya-Türkiyə sərhədindəki Tel Abyad qəsəbəsini, İraqın Tikrit şəhərini və Beyci neft yataqları bölgəsini tərk edib.
İŞİD bundan başqa Suriyadakı paytaxtı elan etdiyi Rakka şəhəri ilə İraqın Mosul şəhəri arasındakı magistral yolu da əldən verib. Bəzi yerlərdə mövqelərini itirən İŞİD müəyyən sahələri də ələ keçirməyi bacarıb.
Düşüncə mərkəzinin məlumatında qeyd edilir ki, 2015-ci il ərzində İŞİD-in hakimiyyəti altında olan ərazilər 12 min 800 kvadrat kilometr azalıb və hazırda 78 min kvadrat kilometr civarındadır. Mərkəzin ekspertlərindən olan Kolumb Strak deyib ki, İŞİD-in hazırda seçdiyi taktika daha az itkiyə hesablanıb: “Onlar ciddi təzyiqlə üzləşdikləri yerlərdə çox da müqavimət göstərmirlər və geri çəkilirlər. Əvəzində isə tamamilə başqa istiqamətdən hücuma keçərək yeni mövqelərə sahiblənirlər”.
“IHS Janes”in hesabatında qeyd olunan digər məqam terrorçuların ələ keçirdikləri yeni şəhərlərlə bağlıdır. Belə ki, bu il terror təşkilatı Suriyanın Palmira şəhərini, İraqın ən böyük əyaləti olan Ənbarın paytaxtı Ramadini tutub.
Maraqlıdır ki, İŞİD-lə mübarizəyə cəlb edilmiş kürd silahlılarının da nəzarət etdiyi ərazi sürətlə böyüyür. Bu il ərzində kürd silahlılarının nəzarətindəki torpaqlar 2 dəfəyə yaxın (186 faiz) artıb.
Hesabatda yer alan digər məqam İraqın və Suriyanın mərkəzi hakimiyyətlərinin nəzarət etdikləri ərazilərlə bağlıdır. Belə ki, bu il İraq hakimiyyəti altındakı torpaqların sahəsi 6 faiz artarkən, rəsmi Dəməşqin nəzarətindəki ərazilər 16 faiz azalıb.