Hörmüz boğazında gərginliyin artmasının qarşısını almaq üçün xüsusi rabitə kanalı yaradılıb və o, artıq fəaliyyət göstərir.
Qaziler.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan edib.
"Bu məqsədlər üçün (münaqişələrin qarşısını almaq) rabitə kanalı yaradılıb və ondan son bir neçə gündə baş verən gərginliyin qarşısını almaq üçün istifadə olunub. Kanal artıq yaradılıb və işləyir", - deyə o, münaqişənin həlli mexanizmləri barədə sualı cavablandırarkən keçirdiyi brifinqdə bildirib.
Lakin diplomat bu kanalın işinin texniki təfərrüatlarını açıqlamayıb.
Qətər XİN rəsmisi həmçinin qeyd edib ki, Doha tərəfdaşları və Tehranın da iştirakı ilə regional dialoqun keçirilməsi imkanlarını müzakirə edir.
"Biz regional tərəfdaşlarımızla birlikdə, region ölkələrinin, o cümlədən İranın masa arxasına əyləşərək öz narahatlıqlarını açıq şəkildə müzakirə etmələrinin məqsədəuyğun olacağı bir məqama necə çatmağı müzakirə edirik", - deyə əl-Ənsari vurğulayıb.
QAZİLER.AZ



