Braziliyada dəhşət: "Cinçıxarma" adı ilə qadını döyərək öldürdü

Braziliyada dəhşət: "Cinçıxarma" adı ilə qadını döyərək öldürdü backend

Braziliyada 26 yaşlı kişi qadını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib. O, polisə ifadəsində qadının içindəki "cinləri qovmağa" çalışdığını iddia edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

27 yaşlı Marseli de Oliveyra Qottardonun cəsədi mənzildən gələn bərk qışqırıq və səs-küyü eşidən qonşuların polisə zəng etməsindən sonra tapılıb. Şahidlərin sözlərinə görə, bir müddət sonra səs-küy kəsilib. Daha sonra mənzildə olan Brayan Fernando Ximenes Souza kömək üçün qonşulardan birinə müraciət edib. Həmin şəxs içəri girəndə qadının yerdə uzandığını və qıcolmalar keçirdiyini görüb.

Həkimlər gələnə qədər həmin binada yaşayan və tibbi təhsil alan tələbə qadına ilkin tibbi yardım göstərməyə çalışsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaqın məlumatına görə, mərhumun bədənində çoxsaylı xəsarətlər, o cümlədən boynunda izlər, üz nahiyəsində zədələr, qulağından qanaxma və çoxlu hematomalar (göyərmələr) aşkar edilib.

Məhkəmə-tibbi ekspertizası müəyyən edib ki, ölümə küt alətlə vurulan zərbələr nəticəsində yaranan ağır kəllə-beyin travması və beyindaxili qanaxma səbəb olub. Dindirilmə zamanı şübhəli şəxs hadisədən az əvvəl mərhumla birlikdə narkotik vasitə qəbul etdiklərini bildirib. Polisin verdiyi məlumata görə, mənzildə kokain və narkotik qalıqları olan qablaşdırmalar tapılıb.

İstintaqın versiyasına görə, qadağan olunmuş maddələri qəbul etdikdən sonra həmin şəxs qadının "cinlərə yoluxduğunu" düşünərək ona hücum edib və özünəməxsus bir ayin keçirməyə çalışdığını iddia edib.

QAZİLER.AZ