Rusiya Hindistandan benzin idxal etməyə başlayacaq

Rusiya Hindistandan benzin idxal etməyə başlayacaq backend

Rusiya hakimiyyəti ölkədəki yanacaq qıtlığını aradan qaldırmaq üçün Hindistandan irimiqyaslı benzin idxalına başlamağa hazırlaşır.

Qaziler.az RBC-yə istinadla xəbər verir ki, bu, yanacaq bazarını sabitləşdirməyə yönəlmiş Vergi Məcəlləsinə düzəlişlər layihəsindən məlum olur.

Sənəd xaricdən benzin alan neft şirkətlərinə büdcədən subsidiyaların verilməsini nəzərdə tutur. Bu subsidiyalar yanacağın pərakəndə qiymətlərini saxlamaq üçün 8 il əvvəl işə salınmış dempfer mexanizmi çərçivəsində fəaliyyət göstərəcək.

Avrasiya İqtisadi Birliyindən xaricdə istehsal olunan idxal benzininə verilən subsidiyaların həcmi Hindistan bazarındakı benzinin indikativ qiyməti və onun Hindistan limanlarından çatdırılma xərcləri əsasında hesablanacaq. "RBC"nin mənbəsinin bildirdiyinə görə, Dövlət Dumasının Büdcə və Vergilər Komitəsi qanun layihəsini artıq dəstəkləyib və sənəd bu gün, eyni anda həm ikinci, həm də üçüncü oxunuşda qəbul edilə bilər.

Ukrayna ilə müharibə başladıqdan sonra Hindistan Rusiya neftinin dəniz partiyalarının ən böyük alıcısına çevrilib. Ötən il ölkə sutkada 1,5-2 milyon barel neft alırdısa, 2026-cı ilin iyun ayında idxalı rekord həddə – gündəlik 2,66 milyon barelə çatdırıb. Hindistan Rusiyadan aldığı neftin bir hissəsini neft məhsulları - dizel, qazoyl və benzin şəklində ixrac edir. "Wood Mackenzie"nin qiymətləndirmələrinə görə, ötən il Hindistan benzininin xaricə satışı sutkada rekord həddə - 400 min barelə çatıb. Onun əsas alıcıları Asiya ölkələri olub.

QAZİLER.AZ