“Onsuz da “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi qəbul olunmayacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün TASS agentliyində keçirilən “Milli siyasət üzrə dövlət strategiyası: ilin yekunu” adlı mətbuat konfransında Rusiya Millətlərlə İş üzrə Federal Agentliyin rəhbəri İqor Barinov çıxış edib:“Mövqeyimiz odur ki, heç bir tarixi hadisə unudulmamalıdır. Lakin bu o demək deyil ki, biz ancaq tarixdə baş vermiş mənfi hadisələrdən danışmalıyıq. Heç nəyi unutmaq olmaz, amma müsbət şeylərdən danışmaq lazımdır”.
Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının, Milli siyasət üzrə dövlət strategiyasının işlənib hazırlanması üzrə İşçi Qrupun üzvü Vladimir Zorin də “Ədalətli Rusiya” partiyası tərəfindən Dövlət Dumasına təqdim olunan məlum qanun layihəsinin qəbulunun milli birliyə mənfi təsir göstərəcəyini və bunun ağır nəticələrə səbəb ola biləcəyini söyləyib: “Rusiyada ictimai təşkilatları bu cür məsələyə cəlb etmək düzgün deyil. Bunun ağır nəticələri ola bilər”.
“Qafqaz Xalqlarının Rusiya Konqresi” Ümumrusiya İctimai Hərəkatının Ali Şurasının sədri Aslambek Paskaçov isə “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbulunun Rusiyada milli birliyə dağıdıcı zərbə vuracağını söyləyib: “Hər bir xalqın tarixində faciələr olub. Böyük müharibələr zamanı çoxlu sayda insanlar həyatını itirib. Tarixdə baş vermiş faciələrə görə kimlərisə günahkar çıxarmaq və buna görə kimlərisə cəzalandırmaq düzgün yol deyil. Bu dağıdıcı yoldur. Xüsusi ilə də çoxmillətli Rusiyada... Bəli, heç bir tarixi hadisə unudulmamalıdır. Amma tarixi bir kənara qoyub, gələcəyə baxmaq lazımdır. Sözügedən qanun layihəsinin qəbul edilməsi Rusiyada milli birliyi pozacaq”.