İtaliyanın Baş naziri Ciorcia Meloni bəyan edib ki, onun rəhbərlik etdiyi hökumət uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması təşəbbüsü ilə çıxış etmək niyyətində deyil.
Qaziler.az xəbər verir ki, İtaliya hökumət başçısının bu açıqlamasını "Politico" nəşri yayıb.
Bu şərh Böyük Britaniya və Fransa kimi bir sıra digər ölkələrin hakimiyyət orqanlarının uşaqlar üçün sosial şəbəkələri qadağan etməyə çalışdığı bir vaxtda verilib.
"Mən 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinə qarşı deyiləm, amma eyni zamanda bu təklifin təkbaşına problemi həll edə biləcəyinə əmin deyiləm, çünki bu, asanlıqla aradan qaldırıla bilər", - deyə Meloni bildirib.
Meloni həmçinin əlavə edib ki, hökumətlər platformalara qarşı tədbirlər görməsə və təzyiq göstərməsələr, məhdudiyyətlər təsirsiz ola bilər.
Xatırladaq ki, iyunun 15-də Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə 16 yaşınadək şəxslər üçün sosial şəbəkələrə girişin qadağan ediləcəyini, həmçinin oyun platformaları və canlı yayım xidmətlərinə məhdudiyyətlər qoyulacağını elan edib.
İsveçdə də 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsi təklif olunur.
QAZİLER.AZ



