Birləşmiş Ştatlar Böyük Britaniyadan Yaxın Şərqə əlavə olaraq beşinci nəsil 18 ədəd ABŞ “F-35A” qırıcısı yerləşdirib.
Qaziler.az xəbər verir ki, bu barədə cümə axşamı "Army Recognition" hərbi nəşri məlumat yayıb.
Təyyarələr İordaniyadakı "Muvaffaq-Salti" aviabazasına çatıblar. İranla münaqişə başlamazdan əvvəl bu bazada ABŞ döyüş təyyarələrinin regiondakı ən böyük aviasiya qruplaşması, o cümlədən 30 ədəd “F-35A” qırıcısı yerləşdirilmişdi.
Hazırda Yaxın Şərqdəki Amerika taktiki hava qüvvələrinin İordaniya, İsrail, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hava bazalarında, eləcə də Ərəb dənizindəki iki təyyarədaşıyan gəmidə təxminən 300 döyüş təyyarəsi var. Bunlara “F-35A”, “F-15E”, “F-16” və “F/A-18” qırıcıları, eləcə də İrana qarşı əməliyyatda fəal rol oynayan “A-10” hücum təyyarələri daxildir.
Bundan əlavə, ötən həftə İrana qarşı keçirilən iki ABŞ əməliyyatı fonunda, Birləşmiş Ştatlar Böyük Britaniyadakı "Fairford" qabaqcıl aviabazasında strateji bombardmançı təyyarələr qrupunu gücləndirib və bura əlavə olaraq dörd təyyarə gəlib.
Hazırda bazada 18 ədəd B-1B Lancer və doqquz ədəd B-52H Stratofortress strateji bombardmançı təyyarəsi var. İranla münaqişə zamanı onlardan hər gün İranın ən mühüm obyektlərinə, xüsusən də ballistik raketlərin saxlanılması, istehsalı və yerləşdirilməsi üçün nəzərdə tutulan sığınacaqlara zərbələr endirmək üçün istifadə olunub.
Pentaqon Yaxın Şərqə əlavə aviasiya hissələrinin köçürülməsinin məqsədləri barədə məlumat vermir.
QAZİLER.AZ



