Hindistan hakimiyyəti iyunun 21-də keçiriləcək "NEET-UG" tibb imtahanının təkrar mərhələsi zamanı imtahan materiallarının sızmasının qarşısını almaq üçün "Telegram" messencerinin "Google Play" və "App Store" proqram mağazalarından müvəqqəti silinməsi barədə göstəriş verib.
Qaziler.az xəbər verir ki, "The New Indian Express" (TNE) nəşrinin yazdığına görə, "Google" bu tələbi hələ iyunun 16-da yerinə yetirib. "AppleCensorship" təşkilatının məlumatına görə isə, "Apple" müvafiq qərarı iyunun 17-də qəbul edib.
Bu qərar iyunun 22-nə qədər qüvvədə olacaq. Məhdudiyyətlər Milli Test Agentliyinin (NTA) sualların sızması ilə bağlı ittihamlar fonunda mayın 3-də keçirilmiş imtahanın nəticələrini ləğv etməsindən sonra tətbiq edilib.
Nəşrin yazdığına görə, agentliyin rəhbəri Abhişek Sinqh bəyan edib ki, "Telegram"a girişin müvəqqəti məhdudlaşdırılması təkrar imtahanın dürüst keçirilməsini təmin etmək üçün görülən tədbirlərin bir hissəsidir.
"Biz heç bir səhvə yol verməyəcəyik. İmtahanın qayda pozuntuları olmadan keçirilməsi üçün mümkün olan bütün addımları atacağıq", - deyə o qeyd edib.
QAZİLER.AZ



