İndoneziyanın Flores adasında Levotobi vulkanının ən azı altı dəfə püskürməsi qeydə alınıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi məlumat yayıb. Yerli sakinlərə və turistlərə kraterin 5 kilometrlik radiusuna yaxınlaşmamaq və tənəffüs orqanlarını qorumaq üçün maskalardan istifadə etmək tövsiyə olunub.
Mərkəzin məlumatına görə, kül püskürməsi Levotobi Laki-laki kraterindən 1,5 min metr yüksəkliyə qalxıb ki, bu da dəniz səviyyəsindən 3084 metr hündürlük deməkdir. Boz rəngli kül tullantıları qərb və şimal-qərb istiqamətlərində yayılır.
Levotobi Flores adasının cənub-şərq hissəsində yerləşən qoşa zirvəli vulkandır. Onun daha aktiv olan Levotobi Laki-laki (1584 m) zirvəsi daha hündür olan Perempuan (1703 m) zirvəsindən 2,1 km şimal-qərbdə yerləşir. Təxminən 18 min adadan ibarət olan İndoneziya arxipelaqı Sakit okeanın "Alov qövsü"ndə yerləşir və güclü seysmik aktivliyə məruz qalır. Ölkədə ümumilikdə 500-dən çox vulkan var ki, onların da təxminən 130-u aktivdir.
QAZİLER.AZ



