Hörmüz boğazından keçid pullu ola bilər - Müzakirələr gedir

Hörmüz boğazından keçid pullu ola bilər - Müzakirələr gedir backend

ABŞ rəhbərliyi Amerika hərbi gəmilərinin mühafizəsi altında Hörmüz boğazından pullu keçid sisteminin tətbiqini müzakirə edir.

Qaziler.az xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərinin və sığorta şirkətlərinin Hörmüz boğazı marşrutuna maraq göstərə biləcəyi variantları nəzərdən keçirir. Xüsusilə, gəmilərə pul müqabilində və ABŞ hərbi gəmilərinin müşayiəti ilə sürətləndirilmiş keçid imkanı verən "VIP buraxılış" sisteminin təqdim edilməsi müzakirə olunur. Nəşrin jurnalistləri vurğulayırlar ki, bu barədə hələlik yekun qərar qəbul edilməyib.

"Kpler" analitik şirkətinin məlumatına görə, hazırda Fars körfəzində, Hörmüz boğazının girişində 220-si neft tankeri olmaqla 500-ə yaxın gəmi var. Onların hamısı boğazdan təhlükəsiz keçid növbəsi gözləyir.

Bundan əvvəl "CNN" telekanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyatı İranın istənilən an Hörmüz boğazını tamamilə bağlamaq imkanına sahib olduğunu düşünür.

Xatırladaq ki, iyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma əldə etdiklərini bəyan ediblər. Sənəd layihəsinə dəniz blokadasının ləğvi, neft sanksiyalarının yumşaldılması, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və nüvə proqramı üzrə növbəti danışıqlar daxildir.

QAZİLER.AZ