Yaponiya parlamenti İmperator Evi haqqında qanunun islahatına dair təkliflərin hazırlanmasını başa çatdırıb.
Qaziler.az “Kyodo” agentliyinə istinadla xəbər verir ki, ölkə onilliklər ərzində ilk dəfədir ki, bu qanunda islahat aparır.
Sənəd hər iki palatanın bütün 13 siyasi partiya və fraksiyasının iştirakı ilə keçirilən partiyalararası məsləhətləşmələrin yekunlarına əsasən tərtib edilib və aşağı palatanın spikeri Eysuke Mori tərəfindən Baş nazir Sanae Takaitiyə təqdim olunub. Düzəlişlərin parlamentin hazırkı sessiyasının başa çatacağı iyulun 17-nə qədər qəbul edilməsi planlaşdırılır.
Təkliflər iki əsas dəyişikliyi nəzərdə tutur:
Birincisi, imperator ailəsinin qadın üzvlərinə sadə vətəndaşla evləndikdən sonra da öz statuslarını qoruyub saxlamağa icazə verməkdir. 1947-ci ilin qüvvədə olan qanununa əsasən, onlar ailə qurduqları zaman bu statusu avtomatik olaraq itirirlər. Bununla belə, onların həyat yoldaşlarının və övladlarının imperator statusu alıb-almayacağı sualı hələ də açıq qalır.
İkincisi, imperator nəslinin ləğv edilmiş 11 qolundan olan və kişi xətti ilə imperatorların soyundan gələn kişilərin övladlığa götürülməsinə icazə verməkdir.
Belə ki, övladlığa götürülənlər taxt-taca sahib olmaq hüququ qazanmayacaqlar, qadının taxta çıxma ehtimalı məsələsi isə sənəddə ümumiyyətlə nəzərdən keçirilmir.
Yaponiyada taxt-taca sahiblik problemi xüsusilə kəskin xarakter daşıyır. Hazırda 66 yaşlı İmperator Naruhitonun cəmi üç varisi var — kiçik qardaşı vəliəhd şahzadə Fumihito (60 yaş), qardaşı oğlu şahzadə Hisahito (19 yaş) və əmisi şahzadə Hitati (90 yaş).
QAZİLER.AZ



