Rusiya nəşriyyatları kitab və broşür buraxılışını kəskin şəkildə azaldıb. 2026-cı ilin birinci rübündə yeni kitab məhsullarının ümumi tirajı 57,3 milyon nüsxə təşkil edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 26% azdır. Nəşr olunmuş kitabların sayı 11%, orta tiraj isə 17% aşağı düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə "Rusiyada kitab sənayesi" konfransında təqdim olunan Rusiya Kitab Palatası və Kitab Paylayıcıları Assosiasiyasının məlumatlarında bildirilib.
"The Bell" nəşri qeyd edir ki, bu ilin əvvəlində kitab tirajlarının düşməsi ən azı son altı ilin ən güclü göstəricisi olub. Əvvəllər buna bənzər çökmələr iki dəfə baş vermişdi: 2020-ci ildə pandemiya səbəbindən ümumi kitab buraxılışı ilin yekunlarına görə 19% azalmışdı, 2023-cü ilin birinci rübündə isə Ukraynadakı müharibə fonunda tirajlar 23% aşağı düşmüşdü.
Konfrans iştirakçıları kitab bazarındakı böhranın səbəbləri arasında vergilərin artmasını, inflyasiyanı, rusiyalıların alıcılıq qabiliyyətinin aşağı düşməsini və demoqrafik problemi qeyd ediblər.
"Eksmo" nəşriyyat evinin direktoru Yevgeni Kapyev bildirib: "Daha az uşaqlar dünyaya gəlir və əgər onlar daha az oxumağa davam etsələr, bu, tezliklə bütün kitab sənayesini bürüyəcək”.
QAZİLER.AZ



