“Apple” şirkətinin baş icraçı direktoru Tim Kuk WWDC-2026 təqdimatını auditoriyaya emosional müraciətlə başa vurub və bu, onun şirkət rəhbəri kimi son çıxışı olub.
Qaziler.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Tədbirə yekun vuran Kuk, bu cür konfransları CEO postundakı fəaliyyətinin ən mühüm məqamlarından biri adlandırıb. Onun sözlərinə görə, tərtibatçılara yeni alətlər təqdim etmək və onların yeni məhsullar yaratmaq, təhsil almaq və unikal təcrübə qazanmaq üçün “Apple” texnologiyalarından necə istifadə etdiklərini müşahidə etmək imkanı ona hər zaman insan təxəyyülünün sərhədsizliyini xatırladıb.
"Baş icraçı direktor olduğum müddətdə ən parlaq məqamlardan biri sizinlə yeni güclü alətləri paylaşdığımız bu cür tədbirlər olub. Onların köməyi ilə yaratdıqlarınız mənə davamlı olaraq xatırladır ki, təxəyyülün sərhədi yoxdur", - deyə Kuk bildirib.
O, həmçinin qeyd edib ki, “Apple” üçün əsas hədəf hər zaman insanların ehtiyaclarına cavab verən məhsullar yaratmaq olub və şirkətin ən yaxşı nailiyyətlərinin hələ öndə olduğuna əminliyini ifadə edib.
Çıxışının sonunda Kuk auditoriyaya təşəkkür edib və “Apple”a rəhbərlik etmək imkanını böyük bir şərəf adlandırıb.
Tim Kuk 2011-ci ildə Stiv Cobsu əvəzləyərək “Apple”a rəhbərlik etməyə başlayıb. Sentyabr ayında onun yerinə yeni nəsil “iPhone”un təqdimatı zamanı şirkətə rəhbərlik edəcək Avadanlıq Mühəndisliyi üzrə baş vitse-prezident Con Ternus təyin olunacaq.
QAZİLER.AZ



