Moldovada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) düşərək partladığı torpaq sahəsinin sahibi dəymiş ziyanın ödənilməsini tələb edib. Hadisə bazar ertəsinə keçən gecə Orgeyev rayonunda, Lopatna kəndi yaxınlığında baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə "TVR Moldova" telekanalı məlumat yayıb.
Dronun qalıqları üzərində Ukrayna dilində yazıların aşkar edilməsi onun mənşəyi ilə bağlı versiyanı təsdiqləyib.
Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ilkin məlumatlara görə, PUA-nın Ukraynaya məxsus olduğunu etiraf etsə də, rəsmi bəyanatlarda vəziyyətə görə məsuliyyət Rusiyanın üzərinə atılıb.
Jora de Mijlok kommunasının meri Oksana Voyku telekanala bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahibi artıq meriyaya ərizə yazıb. O qeyd edib ki, kommunada indiyədək belə bir hadisə baş verməsə də, yerli hakimiyyət orqanları indi tədbirlər görmək məcburiyyətində qalacaqlar.
Yaşayış məntəqəsinin rəhbəri onu da bildirib ki, dəymiş ziyanı hesablamaq çox çətin və emosional baxımdan ağırdır. Onun sözlərinə görə, dron sakinləri bərk qorxudub, partlayışdan isə evlər lərzəyə gəlib.
QAZİLER.AZ



