Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas iyunun 8-də İran və İsraili qarşılıqlı zərbələrdən sonra təmkinli olmağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Kaya Kallas Aİ müdafiə nazirlərinin Kiprdə keçirilən qeyri-rəsmi görüşü zamanı deyib.
"Gecə saatlarında biz vəziyyətin növbəti dəfə gərginləşməsinin şahidi olduq. Hesab edirəm ki, regionun gərginliyə ehtiyacı yoxdur, tərəflər danışıqlar masası arxasına əyləşməli və razılığa gəlməlidirlər", - deyə Kallas çağırış edib.
ABŞ və İran arasındakı danışıqlardan bəhs edən Kallas qeyd edib ki, tərəflər məsələnin diplomatik yolla nizamlanmasına nail olmalıdırlar.
"Biz hər iki tərəflə əlaqə saxlayırıq ki, hazırda atəşkəsin çox vacib olduğunu onlara çatdıraq. Yəni, bu anda müharibəni dayandırmaq, Hörmüz boğazını açmaq, daha sonra isə əldə edilən zamandan nüvə problemi kimi mürəkkəb məsələlər və digər mühüm mövzular üzrə danışıqlar üçün istifadə etmək lazımdır. Lakin bizim imkanlarımız məhduddur, ona görə də mümkün qədər bu mesajları çatdırmağa çalışırıq", - deyə Kallas bildirib.
Qeyd edək ki, İsrail və İran aprel ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq iyunun 7-də hərbi əməliyyatları bərpa ediblər. Buna səbəb İsrailin Livanın paytaxtı Beyrutda iranpərəst "Hizbullah" hərəkatının üzvlərinə zərbələr endirməsi olub və rəsmi Tehran bu addımı cavabsız qoymayıb.
QAZİLER.AZ



