İranın Ali rəhbəri Müctəba Xamenei təhlükəsizlik tədbirlərinə görə ictimaiyyət arasında görünmür.
Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Livanın "Al-Mayadeen" telekanalına müsahibəsində bildirib.
"O, proseslərdə çox yaxından iştirak edir, idarəetmə sükanını əlində saxlayaraq ölkədəki hadisələrin gedişatına təsir göstərir. Lakin təhlükəsizlik səbəblərinə görə, aidiyyəti orqanlar onun əyani şəkildə çox görünməsini tövsiyə etmirlər", - deyə nazir qeyd edib.
Əraqçi əlavə edib ki, İran hökuməti ali rəhbərlə daim əlaqə saxlayır.
Qeyd edək ki, iyunun 2-də ABŞ-nin dövlət katibi Marko Rubio Xameneinin sağ olduğuna və mühüm siyasi qərarların qəbul edilməsində aktiv iştirak etdiyinə dair əlamətlərin olduğunu bəyan etmişdi.
İranın Ali rəhbəri bu ilin mart ayında ABŞ və İsrailin birgə hücumu zamanı xəsarət alıb. O, martın 9-na keçən gecə ölkənin ən ali rəhbər vəzifəsinə seçilib və həmin vaxtdan bəri hələ bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb.
QAZİLER.AZ



