Almaniyada 2 deputat hərbi müqavilələri blokladı

Almaniyada 2 deputat hərbi müqavilələri blokladı backend

Bundestaqın Büdcə Komitəsinin üzvləri son aylarda 1 milyard avrodan çox dəyərində müdafiə müqavilələrini bloklayıb və yenidən nəzərdən keçirərək Almaniyanın hərbi tədarükünə nəzarəti gücləndiriblər.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hakim koalisiyanın nümayəndələri - Xristian Demokrat İttifaqından Andreas Mattfeldt və Sosial Demokrat Partiyasından Andreas Şvarts yanvar ayında tender keçirilmədən mobil kəşfiyyat sisteminin tədarükü üçün nəzərdə tutulan 600 milyon avroluq müqaviləni, fevralda isə gəmilərin pilotsuz uçuş aparatlarından qorunması üçün lazer sisteminin yaradılmasına dair 462 milyon avroluq birbaşa müqaviləni bloklayıblar.

Bundan əlavə, deputatlar zərbə dronlarının satın alınması üzrə bir sıra müqavilələrin qiymətinin məhdudlaşdırılmasını tələb ediblər və Bundesver üçün dizel konteynerlərinin satınalmasını, onların qiymətində əsassız artım aşkar edildikdən sonra dayandırıblar.

Parlamentarilərin bu fəaliyyəti bəzi məmurların və müdafiə sənayesi nümayəndələrinin narazılığına səbəb olub. Onlar bu cür əlavə nəzarətin Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsini ləngitdiyini hesab ediblər.

QAZİLER.AZ