TRIPP ("Tramp marşrutu") layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq.
"Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə Dövlət Departamentinin fəaliyyətinin son 16-17 ayı əhəmiyyətli uğurların və davam edən mürəkkəb beynəlxalq çağırışların vəhdəti ilə xarakterizə olunur.
"Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu - TRIPP-i yaradan memorandumla yekunlaşıb", - o bildirib.
Rubio həmçinin xatırladıb ki, ABŞ bir sıra münaqişələrin, o cümlədən Hindistan və Pakistan arasındakı gərginliyin həllində iştirak edib və orada nüvə dövlətləri arasında genişmiqyaslı müharibənin qarşısını almaq mümkün olub. O həmçinin Tailand və Kamboca arasındakı münaqişələrin nizamlanmasında ABŞ-nin rolunu qeyd edib, eləcə də Qəzzada müharibənin başa çatdığını və qalan bütün girovların azad edildiyini bildirib.
Xatırladaq ki, mayın 26-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi imzalanıb.



