Hindistan yerli istehsal olan döyüş pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün 2 milyard dollardan çox irimiqyaslı müqavilə imzalamağı planlaşdırır.
Qaziler.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə "Drone Federation India" sənaye assosiasiyasının prezidenti Smit Şah məlumat verib.
Smit Şahın sözlərinə görə, layihə hazırda planlaşdırma mərhələsindədir. Rəsmi müqavilələr imzalandıqdan sonra dronların çatdırılması prosesi başlayacaq və bu, 18 aydan 24 aya qədər vaxt apara bilər.
Tədarükün hökumətin təxminən 313 milyon dollara başa gələn taktiki dronlar üçün əvvəlki sifarişlərindən xeyli çox olacağı gözlənilir.
Sənaye rəsmisi həmçinin qeyd edib ki, yeni müqavilələr silahlı qüvvələrin təxirəsalınmaz əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə sürətləndirilmiş satınalma proseduru ilə rəsmiləşdirilə bilər. Belə olan halda, istehsalçı şirkətlər tədarükü mütləq iki il ərzində tamamlamalı olacaq.
Hindistan Müdafiə Nazirliyi isə hələlik bu potensial sövdələşmə ilə bağlı rəsmi şərh verməyib.
QAZİLER.AZ



