Yaponiyanın iki böyük avtomobil istehsalçısı — "Toyota" və "Suzuki" ölkə ərazisində yerləşən 18 zavodunun fəaliyyətini dayandıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, avtomobil istehsalının müvəqqəti dayandırılmasına səbəb Yaponiyanın cənub bölgələrinə təsir edən "Çanmi" tayfunudur.
İyunun 3-ü səhər saatlarında "Toyota"nın Yaponiya üzrə 13 müəssisəsinin müvəqqəti bağlanacağı gözlənilir. Yalnız Fukuoka prefekturasındakı zavod istisna təşkil edəcək. Zavodun fəaliyyətinin dayandırılması və ya davam etdirilməsi qərarı faktiki hava şəraitinə əsasən veriləcək.
Eyni gündə "Suzuki" şirkəti də Sizuoka prefekturasındakı beş müəssisəsinin fəaliyyətini donduracaq. Rəhbərlik zavodların artıq günün ikinci yarısında normal iş rejiminə qayıda biləcəyini gözləyir. Lakin yekun qərar mövcud vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.
QAZİLER.AZ



