ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində mindən çox insan aktrisa Merlin Monronun obrazına girərək dünya rekorduna imza atıb.
Qaziler.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, bu hadisə Ginnesin Rekordlar Kitabına Merlin Monro bənzərlərinin ən kütləvi toplanışı kimi düşəcək. Belə ki, tədbirə məşhur sarışın obrazında 1037 insan qatılıb. Tədbirin keçirildiyi məkan isə aktrisanın məşhur 8 metrlik heykəlinin ucaldığı Dauntaun Parkı olub.
Bu toplanış aktrisanın 100 illik yubileyinə həsr olunub. Əvvəlki rekord cəmi 254 nəfərdən ibarət olub.
Merlin Monro Hollivudun " Gentlemen Prefer Blondes" (1953), " Some Like It Hot" (1959) və " The Seven Year Itch" (1955) kimi məşhur filmlərinin ulduzudur. Kino divası onu məşhurlaşdıran romantik sarışın rollarının əksinə, ciddi dramatik bir obrazı canlandırmaq istədiyini dəfələrlə bəyan edib. Yalnız 1961-ci ildə, ölümündən qısa müddət əvvəl o, bu arzusunu gerçəkləşdirə bilib. "Hüzursuzlar" filmində Monro ərdə yox, dost axtarışında olan ağıllı və empatiya hissi güclü olan Rozlin Teyber obrazını canlandırıb.
Merlin Monro 1962-ci il avqustun 4-dən 5-nə keçən gecə dərman preparatlarının yüksək dozada qəbulu nəticəsində 36 yaşında vəfat edib.
QAZİLER.AZ



