Qəzza Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildə münaqişənin başlamasından bəri İsrail zərbələri nəticəsində ölənlərin sayının 72 938 nəfərə, yaralıların sayının isə 172 919-a çatdığını bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində xəstəxanalara daha 7 nəfərin meyiti daxil olub. Onlardan 6-sı son zərbələr nəticəsində həlak olub, 1-i isə əvvəllər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Həmçinin həmin müddət ərzində tibb müəssisələrinə 25 yaralı gətirilib.
Nazirlik dəqiqləşdirib ki, 11 oktyabrda atəşkəs rejiminin qüvvəyə minməsindən sonra davam edən hücumlar nəticəsində 929 nəfər öldürülüb, daha 2 811 nəfər isə yaralanıb.
Bundan əlavə, hesabat dövründə 781 nəfərin meyitinin dağıntılar altından çıxarıldığı, əvvəllər hərbi əməliyyatlar və dağıntılar səbəbindən gedilməsi qeyri-mümkün olan ərazilərdə isə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.



