Ukrayna bildirib ki, Moskva Kiyev tərəfindən artıq başqa beynəlxalq kreditorlara təklif olunmuş ödəniş şərtlərini qəbul etmədiyinə görə, Rusiyaya olan 3 milyard dollar borc ödənişini bu həftəsonu dayandırır.
Qaziler.az BBC-yə istinadən bildirir ki, ödənişə moratoriumun qoyulması o deməkdir ki, Ukrayna böyük bir ehtimalla bazar günü ödənməli olan borca görə defolta girəcək.Buna əlavə olaraq, Ukraynanın Rusiya bankları tərəfindən saxlanan 507 milyon dollarlıq kommersiya borcu da dayandırılacaq.
İki ölkə Rusiya ötən il Krımı ilhaq edəndən bəri qarşıdurmadadır.
Ukrayna baş naziri Arseni Yatsenyuk deyib ki, Ukrayna, tamamilə Rusiya tərəfindən saxlanan 3 milyard dollarlıq avrobonda moratorium qoyur. Bu bond üzrə ödəniş dekabrın 20-də edilməli idi.
O moratoriumun hələ nə müddətdə davam edəcəyini bildirməyib. Moskva bundan əvvəl bəyan etmişdi ki, borc ödənməzsə, Ukraynanı məhkəməyə verəcək.
Cənab Yatsenyuk deyib ki, “moratorium bizim bu borcun restrukturizasiyası üçün verdiyimiz təkliflər qəbul edilənə və ya müvafiq məhkəmə qərarı çıxarılanadək qüvvədə olacaq”.
“Biz Rusiya tərəfindən məhkəmə iddiasını gözləyirik” – deyib Yatsenyuk.
İki ölkə arasında münasibətlər, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri gərginləşib.
Ukrayna və Qərb Rusiyanı həmçinin şərqi Ukraynadakı separatçıları silahlandırmaqda və dəstəkləməkdə ittiham edir. Rusiya bu ittihamları rədd edib.
Noyabr ayında Rusiyanın enerji təchizatçısı – Gazprom Ukraynaya qaz nəqlini dayandırıb.
Çərşənbə günü Rusiya bəyan edib ki, Ukrayna ilə ticarət paktını yanvarın 1-dən ləğv edəcək. Bu, Ukraynanı keçmiş sovet respublikalarının daxil olduğu azad ticarət zonasından çıxaracaq.
Ukrayna bildirib ki, elə həmin gündən Avropa İttifaqının azad ticarət zonasına daxil olmasının “bədəlini bu şəkildə ödəməyə” hazırdır.