Dünyada psixi pozuntuları olan insanların sayı son 30 ildə 95,5% artaraq 1,17 milyard nəfərə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalında dərc olunan araşdırmada bildirilir.
Tədqiqat Rusiya, Avstraliya, ABŞ, Çin və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu tərəfindən hazırlanıb. Araşdırmada müxtəlif yaş qruplarından olan kişi və qadınlar arasında 12 kateqoriya üzrə psixi xəstəliklər analiz edilib. Tədqiqat dünyanın 204 ölkəsindən 1990-2023-cü illəri əhatə edən məlumatlara əsaslanır.
Araşdırma müəllifləri belə qənaətə gəliblər ki, 2023-cü ildə psixi xəstəliklər dövlətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, bütün dünyada səhiyyə sistemləri üçün ən ciddi problemlərdən birinə çevrilib. Alimlərin fikrincə, xüsusilə təşviş pozuntuları, depressiya, distimiya (davamlı depressiv pozuntu), əsəb anoreksiyası, bulimiya, şizofreniya və davranış pozuntuları hallarının sayı sürətlə artır.
Tədqiqatçılar qeyd ediblər ki, 2023-cü ildə psixi xəstəliklər ən çox 15-19 yaş arası qadınlarda qeydə alınıb.
Vəziyyətlə mübarizə aparmaq üçün mütəxəssislər, xüsusilə aşağı və orta gəlirli ölkələrdə epidemioloji nəzarət sistemlərinin gücləndirilməsini təklif ediblər.
Bundan əlavə, alimlər profilaktika və erkən müalicə üzrə daha effektiv tədbirlərin inkişaf etdirilməsinin zəruri olduğunu düşünürlər.
QAZİLER.AZ



