ABŞ hakimiyyəti Ebolaya yoluxma hallarının artması ilə mübarizə aparmaq üçün Konqo Demokratik Respublikası (KDR) və Uqandada təxminən 50 müvəqqəti müalicə müəssisəsinin yaradılmasını maliyyələşdirəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"ABŞ Eboladan ən çox zərər çəkmiş KDR və Uqanda bölgələrində 50-yə qədər müalicə müəssisəsinin yaradılmasını və bununla bağlı xərcləri maliyyələşdirərək, virusa qarşı mübarizə tədbirlərini operativ şəkildə dəstəkləməyi öhdəsinə götürür", — deyə bəyanatda qeyd olunur.
Müvəqqəti hospitallar zərərçəkənlərə tibbi yardım göstərəcək, həmçinin yerli əhali arasında virusun operativ şəkildə aşkarlanmasını həyata keçirəcək.
Qeyd edək ki, Ebola virusu vəhşi heyvanlar vasitəsilə ötürülür. Xəstəliyin ilk simptomları qızdırma, baş ağrısı, əzələ ağrısı və boğaz ağrısıdır. Bundan sonra böyrək və qaraciyər disfunksiyası, bəzi hallarda isə daxili və xarici qanaxma müşahidə olunur. İnsanlarda Ebola virusuna ilk yoluxma halı 1976-cı ildə indiki Konqo Demokratik Respublikasında qeydə alınıb. Yoluxma sayına görə ən böyük epidemiya 2014-2016-cı illər arasında Qərbi Afrikada, Qvineya, Liberiya və Syerra-Leonedə baş verib. Ölənlərin sayı o zaman 11.000-i keçib.
QAZİLER.AZ



