Türkiyə və Səudiyyə Ərəbistanı Suriya probleminin həllində önəmli rola malikdirlər. Əgər bu ölkələr Suriyadakı terrorçu qruplara silah və pul dəstəyini kəssələr, İŞİD 1 ildən də az müddətdə məhv ediləcək. Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Hollandiya kanalına müsahibəsində deyib. O, Qərbin Suriyada apardığı əməliyyatların qeyri-qanuni olduğunu bildirib:
“Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatları qeyri-qanuni və beynəlxalq hüquqa ziddir. Suriya suveren bir ölkədir. Qərbin bizdən icazə almadan əməliyyatlar aparması haqsızlıqdır. Terrorizmlə mübarizə etmək istəyən Qərb ölkələri rəsmi Dəməşqlə əməkdaşlıq etməlidir”.Əsəd hollandiyalı jurnalistlərin “ABŞ və Fransa problemin həlli üçün bir müddət sizinlə əməkdaşlıq edə biləcəklərini açıqlayıblar” sualına satirik cavab verib:
“Mənim adıma onlara təşəkkür edin. Mən getmək üçün çantamı hazırlamışdım. Artıq qala bilərəm”.