Ümid edirəm ki, yaxın gələcəkdə Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş nazirinin müavini Zurab Abaşidze söyləyib. Onun sözlərinə görə, Tiflis öncədən Moskvanın bu istəyi haqqında informasiyaya malik olub:
“Bizə vizaların ləğvi haqqında informasiya öncədən verilmişdi. Mən Praqadan qayıdan kimi Rusiyanın bunun üzərində çalışdığını dedim. Bu, doğru istiqamətdə atılan addımdır”.
Qeyd edək ki, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini 2000-ci ildən tətbiq edib. Buna əsas səbəb kimi Pankisi dərəsində terrorçuların Rusiya üçün təhdid kəsb etdiyi göstərilib.
Ötən gün isə Prezident Putin illik mətbuat konfransında Rusiyanın Gürcüstana qarşı viza rejimini ləğv etməyə hazır olduğunu bildirmişdi.