Braziliyada 48 saatlıq müddətdə blok olunan “WhatsApp” messenceri yenidən açılıb. İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yuxarı instansiya məhkəməsi bu barədə qərar qəbul edib.
San Paolo şəhər məhkəməsinin qərarına əsasən bütün mobil rabitə operatorları “WhatsApp”ı Braziliya ərazisində 48 saat ərzində blok etmişdi. Qərara səbəb ABŞ şirkətinin cinayətdə təqsirləndirilən bəzi istifadəçilər haqqında məlumatları təqdim etməkdən imtinası olub.
Qadağa nəticəsində Braziliyada təxminən 100 milyon istifadəçi “WhatsApp”dan məhrum qalıb. Bundan qazanan isə rəqib “Telegram” olub. “Telegram” “WhatsApp”ın bağlı olduğu müddətdə 1,5 milyon yeni istifadəçi əldə edib.