ABŞ Silahlı Qüvvələri 4 mindən çox əsgərin Polşaya göndərilməsini ləğv edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Defense News" portalına ordudakı mənbələr məlumat verib.
Mənbə bildirib ki, ölkəyə 1-ci Süvari Diviziyasının 2-ci Zirehli Briqada Döyüş Qrupunun və onunla əlaqəli hərbi texnikanın köçürülməsi nəzərdə tutulurdu. Amerika ordusunun rəsmisi hərbi qüvvələrin yerləşdirilməsinin ləğv edildiyini təsdiqləsə də, təfərrüatları dəqiqləşdirməyib və bütün sualları Pentaqona yönləndirib.
Portalın məlumatına görə, planların dəyişməsi barədə xəbərlər mayın 11-i səhər saatlarında hərbçilər arasında yayılmağa başlayıb. Əsgərlər bu qərar barədə dostlarına və qohumlarına məlumat veriblər.
Bununla belə, mayın 12-də Konqresdə büdcə ilə bağlı keçirilən dinləmələr zamanı nə ordu naziri Den Driskoll, nə də ordu qərargah rəisinin müavini general Kristofer Laniv hərbçilərin Polşaya göndərilməsinin ləğvini qeyd etməyiblər.
Eyni zamanda, senator Cek Rid bildirib ki, ABŞ ordusu Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi və bölmələrin ABŞ sərhədinin mühafizəsində iştirakı da daxil olmaqla, uzunmüddətli əməliyyatlara görə ən azı 2 milyard dollar büdcə kəsiri ilə üzləşib.
QAZİLER.AZ



