Türkiyə ortaq düşmənlərlə mübarizə apara bilmək üçün əməkdaşlıq çərçivəsində Qətərdə öz hərbi bazasını yerləşdirməyi planlaşdırır. Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Qətərdəki səfiri Əhməd Dəmirok deyib.
Səfirin sözlərinə görə, Türkiyə ilə Qətər ümumi düşmənlə qarşı-qarşıyadır:"Biz bölgədəki vəziyyətdən və bəzi dövlətlərin yürütdüyü qeyri-müəyyən siyasətdən narahatıq. Ankara və Doha bir düşmənə qarşıdır. Yaxın Şərqdə yaşanan belə böhranlı vəziyyətdə bizim mühüm məsələlərdə bir-birimizə yardım etməyimiz vacibdir".
Onun sözlərinə görə, Türkiyə Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin hərbçiləri, 3 minə yaxın Quru Qoşunları əsgəri və hərbi təlimatçıları Qətərdəki çoxfunksiyalı bazada yerləşdiriləcək.
Qeyd edək ki, səfir bazanın yaradılacağı dəqiq vaxtı açıqlamayıb. Onun sözlərinə görə, Qətər Əmirliyi də öz Silahlı Qüvvələrinin Türkiyə ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.